...

Azərbaycanda güzəştli maliyyələşdirmənin təxminən 65 faizi aqrar biznesin inkişafına yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2014 13:27 (UTC +04:00)
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin yanvar-sentyabrında kreditlərin böyük hissəsini (güzəştli maliyyələşdirmənin ümumi həcminin 64,9 faizi) kənd təsərrüfatı məhsullarının istehsalına və emalına yönəldib.
Azərbaycanda güzəştli maliyyələşdirmənin təxminən 65 faizi aqrar biznesin inkişafına yönəldilib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin yanvar-sentyabrında kreditlərin böyük hissəsini (güzəştli maliyyələşdirmənin ümumi həcminin 64,9 faizi) kənd təsərrüfatı məhsullarının istehsalına və emalına yönəldib. Trend-in məlumatına görə, bu barədə fondun bazar ertəsi yanvar-sentyabr aylarının yekunları üzrə rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Bu layihələrin SKMF-nin güzəştli kreditləri hesabına reallaşdırılması 2459 yeni iş yerinin yaradılmasına kömək edir ki, bunlardan 80,7 faizi aqrar sahədədir.

Yanvar-sentyabr ayları ərzində SKMF bu sahədə 4057 layihənin maliyyələşdirilməsinə 154,03 milyon manat vəsait ayırıb ki, buradan 135,84 milyon manat kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Emal sahəsində səkkiz layihənin reallaşdırılmasına 18,19 milyon manat ayrılıb. Kənd təsərrüfatı sahəsində reallaşdırılacaq layihələr nəticəsində yaradılacaq yeni iş yerlərinin sayı 7999 ədəd təşkil edəcək.

Hesabat dövrü ərzində Fond sənaye məhsulunun emalının müxtəlif sahələrində ümumi məbləği 38,66 milyon manat həcmində 148 layihə (ayrılan kreditlərin ümumi həcmində xüsusi çəki 16,3 faiz) maliyyələşdirib. Həmin layihələrin reallaşdırılması nəticəsində 911 iş yeri yaradılacaq.

Xidmət sahəsinin inkişafı üzrə (infrastruktru sahəsində) Fond tərəfindən 13 layihəyə 44,59 milyon manat (18,8 faiz payla) yönəldilib. Həmin layihələrin reallaşdırılması nəticəsində 517 iş yeri açılacaq.

Fondun məlumatına görə, bu ilin 9 ayı ərzində SKMF-nin maliyyələşdirdiyi layihələrin 98 faizi (49,11 milyon manat dəyərində və ya verilmiş kreditlərin ümumi portfelinin 20,7 faizi) kiçik həcmli kreditlərin payına düşüb. Fond 5,64 milyon manat dəyərində (0,8 faiz) orta kreditlərə ayırıb. Bu dövr ərzində 182,52 milyon manat məbləğində (76,9 faiz) 51 iri həcmli kredit (1,2 faiz) ayrılıb.

SKMF bu il 280 milyon manat dəyərində kredit ayırmağı planlaşdırır, bu vəsaitdən 150 milyon manat kreditlərin geri qaytarılması, qalan 130 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti