...

Hesabat: Rusiyada iqtisadi artımın azalması Azərbaycana təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 15:54 (UTC +04:00)
Rusiyada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Qafqaz və Mərkəzi Asiya ölkələrində artım tempi təxminən ümumi daxili məhsulun 1 faiz bəndi azalacaq.
Hesabat: Rusiyada iqtisadi artımın azalması Azərbaycana təsir edəcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Azad Həsənli/

Rusiyada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Qafqaz və Mərkəzi Asiya ölkələrində artım tempi təxminən ümumi daxili məhsulun 1 faiz bəndi azalacaq. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadiyyatın inkişaf perspektivləri" adlı hesabatında deyilir.

Hesabata əsasən, regionun iqtisadi çətinliklər yaşayan Rusiya ilə sıx əlaqələri olduğuna görə regionda iqtisadi artım bu il 5,5 faiz, gələn il isə bir qədər azalacaq.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin direktor müavini Yuha Kyahkonen bildirib ki, Qafqaz və Mərkəzi Asiya regionunda artım tempinin azalması vergi-büdcə siyasətinin sərtləşdirilməsi və bəzi ölkələrin neft hasilatında artımın olmaması nəticəsində bir sıra ölkələrdə daxili tələbatın zəifləməsi ilə əlaqədardır.

Qeyd olunur ki, Rusiyadakı iqtisadi vəziyyət müxtəlif kanallar vasitəsilə Qafqaz və Mərkəzi Asiya regionunda artım perspektivlərinə xeyli təsir edib.

Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) artımın bu il 5,6 faizədək azalacağı gözlənilir. 2013-cü ildə bu rəqəm 6,8 faiz olub. Hesabatda deyilir ki, bu ölkələr şaxələndirilmiş ixrac bazarları və büdcə ehtiyatları toplamağa imkan verən son illərdə neftin yüksək qiyməti sayəsində Rusiyada artımın yubanmasından müəyyən qədər qorunub.

Proqnozlara əsasən, buna baxmayaraq, neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun artımı istehlak kreditləşməsinin yubanması, sərmayədarların ehtiyatlılığının artması, Rusiya və Ukrayna arasında münaqişə ilə əlaqədar geosiyasi risklərin artması səbəbindən təqribən 1 faiz bəndi azalacaq.

Fondun proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiyanın neft idxal edən ölkələrində (Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistan) artım tempi bu il ÜDM-in 4,6 faizinədək azalacaq. Çünki bu ölkələrin Rusiya ilə sıx əlaqələri mövcuddur.

Bundan başqa, region ölkələrində inflyasiyanın səviyyəsinin artacağı gözlənilir. Neft ixrac edən ölkələrdə inflyasiya bu il 6,5 faizədək artacaq. Keçən il bu göstərici 6,3 faiz olub. Bu, əsasən, bəzi ölkələrdə milli valyutaların bu yaxınlarda zəifləməsi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti