...

80-dən çox yeni iş yeri açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 17:15 (UTC +04:00)
Şəmkirdə sahibkarlara aqrar sahənin inkişafı ilə bağlı nümunəvi layihələr təqdim olunub
80-dən çox yeni iş yeri açılacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir. Noyabrın 6-da növbəti belə tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Şəmkir rayonunda keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumda iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmi barədə ətraflı məlumat verilib, Şəmkir və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xirnik bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4720 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, çörək zavodlarının, istixana təsərrüfatlarının, meyvə-tərəvəz, ət kəsimi və emalı, süfrə suları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 22 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 59 sahibkara 794,6 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Şəmkir rayonunun Yeni Həyat kəndində güzəştli kredit ayrılıb, ildə 2,7 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti