...

Azərbaycan Tacikistanın gənclərin məşğulluğu siyasətini qiymətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2015 14:09 (UTC +04:00)
Azərbaycan Tacikistanın gənclərin məşğulluğu sahəsində siyasətinin və təcrübəsinin qiymətləndirilməsini aparacaq.
Azərbaycan Tacikistanın gənclərin məşğulluğu siyasətini qiymətləndirəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Tacikistanın gənclərin məşğulluğu sahəsində siyasətinin və təcrübəsinin qiymətləndirilməsini aparacaq. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Bakıda keçirilən "Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri" mövzusunda beynəlxalq seminarda Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin MDB məkanında gənclərin məşğulluğu üzrə əməkdaşlıq layihəsinin baş texniki müşaviri Mixail Puşkin bildirib.

M.Puşkin deyib ki, 2014-cü ildə MDB-nin səkkiz ölkəsi və Gürcüstanla əməkdaşlıq çərçivəsində qarşılıqlı qiymətləndirmələrin birinci raundu keçirilib: "Hazırda biz ikinci raund üzrə hazırlıq aparırıq. Qiymətləndirilən ölkə Tacikistan, qiymətləndirən ölkə isə Azərbaycan olacaq".

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, sosial sahələrin modernləşdirilməsi və həmin sahələrdə islahatların aparılması, əmək bazarının sabitləşdirilməsi üzrə böyük uğurlara nail olub.

Layihənin müşaviri qeyd edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində biz gəncləri işə götürənlər üçün maaşlar üzrə subsidiyaları və kəndlərdə gənc sahibkarların subsidiyalaşdırılmasını idarə edirik. Biz müntəzəm şəkildə həmin layihələrin monitorinqini aparırıq".

M.Puşkin həmin layihələrin uğurla həyata keçiriləcəyi halda onların Azərbaycan hökumətinin milli məşğulluq siyasətinin bir hissəsi ola biləcəyinə ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, ümumilikdə, gənclərin məşğulluğu mövzusu dünyada davam etməkdə olan maliyyə böhranı gedişində son dərəcə kəskinləşib: "Aydındır ki, gənclər böhrandan hamıdan çox əziyyət çəkirlər. Dünyada təxminən 75 milyon işsiz gənc var. Qorxuludur ki, onlardan altı milyonu iş axtarmaqdan imtina edib".

Eyni zamanda, M.Puşkinin qeyd etdiyi kimi, 200 milyon gənc gündə iki dollardan az qazanır ki, bu da ciddi narahatlıq doğuran statistikadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti