...

İstehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nə etməli?

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2015 16:28 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti Konfrans Masallıda təşkil edilib.
İstehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nə etməli?

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Masallıda təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 250-yə yaxın istehlakçının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini qeyd edib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran rəis müavini Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb.

Marifləndirmə tədbirləri çərçivəsində 2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 100 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.

A.Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır.

Masallıda keçirilən konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub. Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti