Azərbaycan, Bakı, 9 aprel /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Sabanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan R.Abdullayev Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlərin araşdırıldığını söyləyib, nümayəndə heyəti üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını və neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini xatırladan SOCAR prezidenti əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda Dövlət Neft Şirkətinin rolu, Şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonaqlara ətraflı məlumat verib.
Əfqanıstan İslam Respublikasının mədən və neft naziri D.Saba ölkəsini Azərbaycanla dərin tarixi və mədəni köklərin birləşdirdiyini, son illərdə Azərbaycanın yüksək templərlə sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını qeyd edib, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulayıb, ölkəmizin enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını bildirib. Böyük neft və qaz potensialına malik Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlığa başladığını deyən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, bütün sahələrdə, xüsusilə neft və qaz sektorunda inkişaf etmiş Azərbaycan iqtisadiyyatının Əfqanıstan üçün uğurlu bir model ola biləcəyini qeyd edib.
Azərbaycanın əsrlər boyu dünyanın neft akademiyası hesab olunduğunu diqqətə çatdıran R.Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladıb, SOCAR-ın nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini qeyd edib və həmin ənənənin davamı olaraq əfqanıstanlı gənclərin bu ali məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləyib. O, həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.