Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı xidmət sadələşdirilib.
Trend-in məlumatına əsasən, bunu "Daşınmaz əmlakın qeydiyyatında yeni onlayn xidmət" mövzusunda keçirilən təqdimat zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Rafiq Cəlilov deyib.
O bildirib ki, yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, vaxt itkisini, məmurlarla vətəndaşlar arasında əlaqəni azaltmaqdır: "Beləliklə, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək".
Onlayn xidmətin işə salınması Dünya Bankı ilə "Daşınmaz əmlakın qeydiyyatı" birgə layihəsi çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, yeni xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi çərçivəsində fəaliyyət göstərəcək.
Bu xidmətin işə salınmasından sonra dövlət rüsumlarının onlayn rejimdə ödənişi mümkün olacaq.
R.Cəlilov bildirib ki, yeni xidmət daşınmaz əmlak bazarında fəallığı artıracaq.