Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Elmir Murad/
Azərbaycanda banklara depozitlərin daha çox dollarla qoyulması balansın pozulması və kreditləşdirmə tendensiyasına təsir etməklə keyfiyyəti aşağı salır. Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Bu prosesin iqtisadiyyatı dollarlaşmaya apardığını deyən ekspert ötən aylar üçün yerləşdirilən depozitlərin həcmini də açıqlayıb: "Kommersiya banklarında yerləşdirilən depozitlərin həcmi bu ilin yanvar-may aylarına olan məlumata əsasən, 7 milyard 601 milyon 100 min manat təşkil edib. Bunun da 5 milyard 428 milyon 500 min manatı, yəni 70%-dən çox hissəsi xarici valyutadan ibarət olub. Banklardakı əmanətlərin strukturunda xarici valyutanın çəkisi yanvarda 40% təşkil edirdisə, fevralda 62,3, martda 65,3, apreldə isə 70,9% səviyyəyə çatdığı qeydə alınıb".
Ekspertin sözlərinə görə, sadalanan həcm Mərkəzi Bankın fevralın 21-də manatın dəyərinin ucuzlaşdırılması ilə bağlı qərarından sonra vüsət alıb. Burada heç bir qəbahətin olmadığını deyən P.Heydərov hesab edir ki, əhali əmanətlərini banklarda hansı valyuta ilə istəsə yerləşdirə bilər: "Buna qarşı qanunvericilikdə məhdudiyyət yoxdur və ola da bilməz. Eyni zamanda, banklar kreditlərini ən çox hansı valyutada sərfəli olarsa, o valyuta ilə də təklif edə bilərlər. Yəni buna məhdudiyyət yoxdur".
Buna baxmayaraq, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli son vaxtlar Mərkəzi Bankın insanların manata etibarını artırmaq istiqamətində müsbət addımlar atdığını düşünür.
O, Trend-ə açıqlamasında dolların bahalaşmasından sonra insanların milli valyutaya inamının azaldığını və Mərkəzi Bankın vəziyyəti düzəltmək üçün müsbət işlər gördüyünü bildirib.
Ə.Məsimli qeyd edib ki, bu, bir sıra aspektlərdə artıq özünü göstərməyə başlayıb: "Mərkəzi Bank həm komissiya haqlarının aşağı salınması, həm də faiz dərəcələrinin qalxmasının qarşısının alınması ilə bağlı bir sıra islahatlar həyata keçirdi. Eyni zamanda, digər bir kompensasiyaedici amil kimi, ipoteka kreditlərinin dairəsinin genişləndirilməsi istiqamətində Mərkəzi Bankın addımlar atmağa başlamasını müsbət hal kimi dəyərləndirirəm".