Azərbaycan, Bakı, 10 avqust /Trend/
Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank və Junior Achievement Azerbaijan (JAA, Azərbaycan Gənclərinin Nailiyyəti) ictimai birliyinin birgə təşkil etdiyi "Banklar Fəaliyyətdə" layihəsinin təlimlər hissəsi başa çatdı.
Bankdan Trend-ə verilən məlumata görə, 2015-ci ilin may ayında başlamış layihədə iştirak üçün Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Qafqaz Universitetindən 30 tələbə seçilmişdir. Tələbələrin seçimi ixtisas, məntiq və xarici dili bilikləri əsasında aparılmışdır.
Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub. Bu mərhələdə tələbələr Mərkəzi Bankın əməkdaşlarının apardığı təlimlərdə iştirak edərək bank nəzarəti, maliyyə sabitliyi, fiskal siyasət, maliyyə bazarlarının strukturu və bazar əməliyyatları, ödəniş sistemləri və nağdsız hesablaşmalar haqqında nəzəri biliklərini genişləndiriblər.
İkinci mərhələ isə JAA-in "Banklar Fəaliyyətdə" təlim proqramı əsasında təşkil edilib. Proqramın məqsədi iştirakçılara peşəkar təlim proqramı və simulyasiya oyunları vasitəsi ilə bank sektorunun prinsiplərini öyrətmək, maliyyə strukturu, bank sistemində mövcud risklər və onların idarə edilməsi mexanizmləri ilə tanış etməkdir. Bu mərhələdə modelləşdirilmiş biznes üzrə müsabiqə keçirilir.
Modelləşdirmədə iştirak edərkən, tələbələr qrup şəklində virtual bir bankı idarə edir və həmin bankın strategiyası və fəaliyyətinə dair müxtəlif iqtisadi qərarlar qəbul edirlər.
Banklar fəaliyyətdə proqramı gənclərin maliyyə savadını artırmaqla yanaşı, onları səmərəli istehlakçı və məsuliyyətli vətəndaş olmağı öyrədir. Həmçinin bu proqram tələbələri maliyyə xidmətləri sektorunda mümkün karyera imkanları ilə də tanış edir. Belə ki, layihənin üçüncü mərhələsində fəallığı ilə seçilən tələbələr ilin sonuna kimi PAŞA Bankda təcrübə keçmək imkanını əldə edəcəklər.
Bank haqqında:
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir. www.pashabank.az