...

Azərbaycanda 3 yeni aqropark yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 12:41 (UTC +04:00)
Azərbaycanda 3 aqropark yaradılıb. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Azərbaycanda 3 yeni aqropark yaradılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycanda 3 aqropark yaradılıb. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazir qeyd edib ki, son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılıb ki, bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir: "Bununla yanaşı, aqroparkların və intensiv metodlara əsaslanan yüksək məhsuldarlığa malik müasir iri fermer təsərrüfatlarının yaradılması tədbirləri də davam etdirilir".

Məqalədə deyilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hazırda 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır: "Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilib. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Bununla yanaşı, Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilib. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaq. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır".

Nazir yazır ki, heyvandarlığın maddi-texniki bazasının, cins tərkibinin yaxşılaşdırılması və bu sahədə dövlət dəstəyinin gücləndirilməsi barədə dövlət başçısının imzaladığı sərəncamlar aqrar sektorun inkişafına əlavə təkan verir: "Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi, bu yaxınlarda isə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsinə başlanılması meliorativ tədbirlərin yaxşılaşdırılmasına, on minlərlə hektar yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti