...

Azərbaycanda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycanda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazir qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir: "Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir".

Məqalədə bildirilir ki, Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib: "Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holdinq" MMC tərəfindən həyata keçirilən layihənin dəyəri 20 milyon ABŞ dollarıdır. Bu ilin noyabr ayından etibarən logistik mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaqdır. Digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir".

Nazir yazır ki, son 12 ildə 1 milyonu daimi olmaqla, 1 milyon 400 mindən çox iş yeri açılmış, ötən ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olub.

Ş.Mustafayev qeyd edib ki,ölkədə dərmanların qiymətlərinin tənzimlənməsi prosesinə başlanıb və 2200-dək dərmanın qiyməti təsdiq edilib: "Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların satışda mövcud olan qiymətlərlə müqayisədə 53 faizinin qiyməti 2 dəfədən çox, 28 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə 98 faizinin qiymətləri endirilib. Dərmanların qiymətlərin üzərində göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Bu islahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti