...

Şahin Mustafayev 6 rayonun sakinlərini dinləyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 16:39 (UTC +04:00)
Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Şahin Mustafayev 6 rayonun sakinlərini dinləyib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət strukturlarına çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar sənaye, turizm, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kredit ittifaqlarına dəstək göstərilməsi, istehsal və emal sahələrinin yaradılması, kənd məktəbinin və uşaq bağçasının təmiri, kəndin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, sənaye məhsullarının istehsalı, taxılçılıq, heyvandarlıq, kartofçuluq, arıçılıq, meyvəçilik, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn sahibkarlar Azərbaycan Respublikası Prezidentinin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, Masallıda keçirilmiş qəbulda 100-ə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 33 vətəndaş qəbulu keçirilib, qəbullarda 1800-dən çox vətəndaş müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti