Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
İstanbulda 20 ölkədən olan 36 nümayəndənin və iki beynəlxalq təşkilatın - BMT Qadınlar ("UN Women") və Beynəlxalq Əmək Təşkilatının ("International Labor Organization") iştirakı ilə "Qadınlar iyirmiliyi" (W20) beynəlxalq sammiti keçirilib.
Türkiyənin G20-də sədrliyi ərzində ölkənin başlıca prioritetlərinə uyğun olaraq aşağı gəlirli ölkələrlə dialoqun möhkəmləndirilməsi çərçivəsində Vyetnam, Kamboca, Əfqanıstan, Nigeriya və Uqanda kimi ölkələr sammitə xüsusilə dəvət alıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ilk dəfə olaraq keçirilən W20 sammitində nümayəndələr G20 liderlərinin gender bərabərliyi və qadınların iqtisadi fəaliyyət hüquqlarının təmin olunması məsələlərində nailiyyətlərini dəstəkləmək üçün siyasi tövsiyələrin irəli sürülməsi qərara alıb.
Açılış mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarını salamlayıb və qadınlara layiq olduqları status verilməyənədək iqtisadi hədəflərə nail olmağın mümkünsüzlüyünü vurğulayıb: "Yüksək keyfiyyətli inkişaf yeni iş yerləri, yüksək yaşayış standartları və sərvətin ədalətli bölgüsü deməkdir. W20 bütün sahələr üzrə G20-yə təkliflərin verilməsi və töhfə baxımından böyük məsuliyyət sahibidir". Bununla yanaşı prezident sammitdə irəli sürüləcək tövsiyələri və W20 ilə əməkdaşlıq imkanlarını G20 liderlərinin Antalya sammitində fəal şəkildə təşviq edəcəyini öz nitqi zamanı qeyd edib.
Tədbir zamanı Türkiyənin G20-dəki diplomatik nümayəndəsi Ayşe Sinirlioğlu, W20 Sammitinin katibi Güldan Türktan və BMT Qadınlar Təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri də açılış nitqi ilə çıxış ediblər. Tədbir çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın iştirakı ilə qala-nahar baş tutub.
Ümumi razılıq əsasında qəbul olunmuş W20 rəsmi açıqlamasında G20 liderlərinə təhsil, məşğulluq və sahibkarlıq fəaliyyətləri arasındakı əlaqələrin möhkəmləndirilməsi, həmçinin "iş və həyat balansının" dəstəklənməsi, rəhbər vəzifələrdə qadınların sayının artırılması, qadınların maliyyə resursları ilə təminatı, iş yerlərində diskriminasiyanın aradan qaldırılması, qadın sahibkarlığının dəstəklənməsi, müvafiq sosial müdafiənin təmin edilməsi vasitəsilə qadınların imkanlarının artırılmasına çağırış ünvanlanıb.
W20 sammiti sözügedən məsələnin monitorinqində fəal iştirakla bağlı qərar qəbul edib və qadınların iqtisadiyyatdakı rolunun inkişaf göstəricilərini ölçmək üçün xüsusi sistemin hazırlanması haqda G20-yə müraciət ünvanlayıb.
Tədbirdə iştirak edən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") icraçı direktoru Natəvan Məmmədova sammit iştirakçıları qarşısında çıxış edib: "Dayanıqlı inkişaf məsuliyyətli bizneslərin fəaliyyət göstərdiyi cəmiyyətlərin inkişafında mühüm rol oynadığından daim onların diqqət mərkəzindədir. XIX əsrin tanınmış azərbaycanlı neft maqnatı və xeyriyyəçisi H. Z. Tağıyev bildirirdi ki, "əgər siz bir kişiyə təhsil verirsinizsə, o zaman bir şəxsi maarifləndirmiş olursunuz, ancaq bir qadına təhsil verməklə bütöv bir ailəni maarifləndirərsiniz". Lakin söhbət yalnız təhsildən getmir, belə ki, qadınların fəaliyyət imkanlarının artırılması yolları çoxdur və hər bir cəmiyyət gələcək inkişafı naminə bu istiqamətdə fəal olmalıdır".
N.Məmmədova qadınlar üçün qlobal mentorluq və mübadilə proqramlarının, həmçinin onlayn platformaların olmasının əhəmiyyətini vurğulayaraq, bu təşəbbüslərin kağız üzərində qalmaması üçün xüsusi işçi qruplarının yaradılmasını təklif edib.
Qeyd edək ki, sammitin rəsmi açıqlaması G20 liderlərinə 15-16 noyabr tarixlərində keçiriləcək Antalya sammitində təqdim olunacaq.
W20 birliyi 2015-ci ildə Türkiyənin G20-də sədrliyi dövründə ölkənin təşəbbüsü ilə təşkilat tərəfindən əsası qoyulmuş qrupdur. W20 birliyi G20-nin gender diskriminasiyası olmadan iqtisadi inkişaf ideyası və qadınların hüquqlarının, həmçinin iqtisadi imkanlarının təmin olunması hədəflərini dəstəkləyir. W20 birliyi öz fəaliyyətinə 2015-ci ilin sentyabrın 6-da başlayıb və birliyin rəsmi açılış mərasimində Türkiyənin baş naziri Əhməd Davudoğlu, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Anhel Qurria iştirak ediblər.