Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Ənvər Məmmədov/
Mədəniyyət və Turizm Nazirliyi Rusiyanın "Airbus A321" təyyarəsinin qəzaya uğrması ilə əlaqədar yerli turizm şirkətlərinə Misirə turistlərin göndərilməsini dayandırmağı tövsiyə etməyib. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
O bildirib: "İlkin rəsmi versiyaya görə bu təyyarənin terror aktı nəticəsində qəzaya uğramadığını nəzərə alsaq, nazirlik tərəfindən turların satışının dayandırılması barədə tövsiyələr daxil olmayıb. Nazirlik yalnız ölkədə terror aktı və ya siyasi qeyri-sabitlik halında bu və ya digər ölkəyə turistləri göndərməməyi tövsiyə edir".
N.Bağırov qeyd edib ki, ümumilikdə Misirə, xüsusilə də Şarm əş-Şeyxə səyahət bileti təkcə Azərbaycanda deyil, bütün dünyada çox populyardır: "Təyyarə qəzasına baxmayaraq, rusiyalı turistlər indiyədək təyyarələrlə Misirə səyahət edirlər".
Bu istiqamətə turlar satan "R&R Travel" turizm şirkətindən qeyd ediblər ki, təyyarə qəzayasına rəğmən, bu turlara hələ də tələbat var.
Şirkətin satış meneceri Surə Muradova Trend-ə bildirib ki, məlum qəzadan sonra Misirə getmək istəyənlərin sayı azalıb, lakin maraq hələ də qalır: "Bundan başqa, Misirə səfərlərin təhlükəli olması barədə Mədəniyyət və Turizm Nazirliyindən bizə məlumat daxil olmayıb. Əgər belə məlumat daxil olsa, müştərilərimizə digər istiqamətlər təklif edərək bu cür qərarın səbəbini izah edəcəyik".
O, əlavə edib ki, Misirə turlar, əsasən, Tbilisidə təklif edilir, çünki Bakıdan bu ölkəyə birbaşa reyslər yoxdur.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən Trend-ə bildiriblər ki, şirkət Misirə birbaşa reyslərin olmaması səbəbindən bu ölkə üzərindən uçuşların təhlükəsizliyinə görə məsuliyyət daşıya bilməz: "Biz Misirə birbaşa reyslər həyata keçirmirik. Bakıdan İstanbul və Dubaya birbaşa reyslər var. Turistlər oradan Misirə təyyarə ilə səfər edə bilərlər. Buna görə də AZAL yalnız bu məntəqələrədək uçuşların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Şirkət yaxın vaxtlarda Misirə bribaşa reys açmağı planlaşdırmır".
Qeyd edək ki, oktyabrın 31-də Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçan təyyarənin Sinayda qəzaya uğraması nəticəsində 217 sərnişin və 7 ekipaj üzvü həlak olmuşdu.