Bakı. Maksim Tsurkov - Trend:
"Şimal-Cənub" layihəsi çərçivəsində İran və Azərbaycan arasında 8,5 kilometr uzunluğunda dəmir yolu sahəsi 2016-cı ilin sonunadək tikilməlidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı imzalayıb. C.Qurbanov qeyd edib ki, yaxın vaxtlarda bu sahənin tikintisilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üzrə tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədək yolun çatışmayan 7,5 kilometrlik sahəsi və sərhəddə dəmir yolu körpüsü tikiləcək ki, bu da ümumilikdə 8,5 kilometr təşkil edir: "Dövlət başçısının sərəncamı var, maliyyə mənbələri müəyyənləşdirilib. Biz avtomobil və dəmir yolu nəqliyyatını cəlb etməklə multimodal daşımaları həyata keçirməyi planlaşdırırıq ki, bu da yaxın vaxtlarda mümkün olacaq".