Bakı. Trend:
Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur.
Bunu Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub.
Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.
Qeyd edək ki, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün, Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.