...

"United Credit Bank"ın müştərilərinə kompensasiya ödənişinin yubanma səbəbi bilindi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 17:50 (UTC +04:00)
Müflis olmuş "United Credit Bank"ın əmanətçilərinə kompensasiya ödənişinin gecikməsi bu bankın əmanətçilərinin tam reyestrinin olmaması ilə əlaqədardır.
"United Credit Bank"ın müştərilərinə kompensasiya ödənişinin yubanma səbəbi bilindi

Bakı. Ənvər Məmmədov - Trend:

Müflis olmuş "United Credit Bank"ın əmanətçilərinə kompensasiya ödənişinin gecikməsi bu bankın əmanətçilərinin tam reyestrinin olmaması ilə əlaqədardır. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

O bildirib: "United Credit Bank"dan müştəri bazasını hələ ala bilmədiyimizə görə bankın müştərilərinə kompensasiya ödənilməsinə başlaya bilmirik: "Bank müflis elan edilib və artıq ləğvedici təyin edilib. Bizə bazanı təqdim edən kimi kompensasiya ödənişinə başlayacağıq".

İlkin məlumata görə, "United Credit Bank"da kompensasiya olunan əmanətlərin həcmi 2,72 milyon manat təşkil edir. "Unibank" agent bank seçilib, yəni "United Credit Bank"ın müştəriləri kompensasiya almaq üçün bu bankın filiallarına müraciət etməlidirlər.

A.Cavadovun sözlərinə görə, ADIF "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyanın böyük hissəsini, eləcə də "Gəncəbank"ın müştərilərinə kompensasiyanın təqribən yarısını ödəyib: "Biz "Bank of Azerbaijan"ın əmanətçilərinə 20 milyon manatdan artıq vəsait ödəmişik ki, bu da kompensasiyanın ümumi həcminin (24,2 milyon manat) təqribən 83 faizini təşkil edir. Həmçinin, "Gəncəbank"ın əmanətçilərinə 486 min manat ödənilib ki, bu da kompensasiyanın ümumi məbləğinin təqribən 49 faizidir".

ADIF rəhbəri vurğulayıb ki, "Gəncəbank"ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi hazırda 1 milyon manatdan bir az çox təşkil edir: "Daha əvvəl bu məbləğ 1,5 milyon manat olub, lakin bəzi əmanətlər üzrə hələ təhlil aparılır. Biz, həmçinin "Texnikabank"ın müştərilərinə ödəniləcək kompensasiyanın məbləğini təhlil edirik. İlkin olaraq bu məbləğ 79 milyon manatdan bir qədər çox təşkil edirdi, lakin hazırda kompensasiyanın həcmi 44 milyon manat artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti