...

Regional direktor: Dünya Bankı Azərbaycana lazımi dəstək verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 18:26
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Regional direktor: Dünya Bankı Azərbaycana lazımi dəstək verəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Dünya Bankının ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bankla gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı fikrilərini bölüşüb.

O, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkərək bildirib ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib. Cənab Prezidentin tapşırığı və bilavasitə rəhbərliyi ilə ölkədə ortamüddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir.

E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri xanım M.Tembonun ölkəmizin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atdığı addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklüziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğulayıb. O, ölkəmizin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inklüziv və dayanıqlı iqtisadi artımı, qeyri-neft sektorunun inkişafı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzunmüddətli strateji baxışına söykəndiyini qeyd edən M.Tembon hazırkı mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımi dəstək verəcəyini əminliklə vurğulayıb.

Görüş zamanı ölkədə həyata keçirilən və Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti