...

İranla dərman istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 19:28 (UTC +04:00)
İranla dərman istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib.
İranla dərman istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının səhiyyə və tibbi təhsil nazirinin müavini, Ərzaq və Dərman Məhsulları Təşkilatının sədri Rəsul Dinarvəndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfərindən sonra qarşılıqlı əlaqələrin daha da intensivləşdiyini vurğulayıb. Ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də səhiyyə sahəsində əməkdaşlıq etdiyini qeyd edən nazir hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair İranın "Darou Pakhsh" şirkəti ilə danışıqların aparıldığını, müəssisənin təşkili üçün Sumqayıt Kimya Sənaye Parkında müvafiq yerin təklif edildiyini bildirib. Qeyd olunub ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

İran İslam Respublikasının səhiyyə və tibbi təhsil nazirinin müavini R.Dinarvəndi Azərbaycan Prezidentinin İrana fevral ayındakı səfərindən sonra digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıb. İranın tibb və dərman istehsalı sahələrində təcrübəsini qeyd edən R.Dinarvəndi ölkəmizlə birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasının İran tərəfindən dəstəkləndiyini, "Darou Pakhsh" şirkəti ilə yanaşı, digər İran şirkətlərinin də cəlb oluna biləcəyini vurğulayıb. Bundan başqa, Azərbaycan xəstəxanalarının təchizatı, təcrübə mübadiləsi və müalicə sahəsində birgə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti