...

Vergilər Nazirliyinin Çağrı Mərkəzi ləğv edildi, yeni departament yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 18:42 (UTC +04:00)
Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb.
Vergilər Nazirliyinin Çağrı Mərkəzi ləğv edildi, yeni departament yaradıldı

Bakı. Trend:

Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən davamlı islahatlar nəticəsində vergi daxilolmaları üzrə proqnoz tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirilir, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılır.

Vergi borclarının dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, cinayət xarakterli hüquqpozmaların qarşısının alınması sahələrində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, eləcə də cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması və təhlili nəticəsində vergi cinayətlərinin sayının azalmasına nail olmaq məqsədilə Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi yaradılıb. Nazirliyin Hüquq baş idarəsinin rəisi vəzifəsində işləyən Zeynalabdin Məmmədzadə yeni baş idarənin rəisi vəzifəsinə keçirilib.

Vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb. Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin Departamentin rəisi vəzifəsinə keçirilib.

Vergilər Nazirliyinin vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin adı dəyişdirilərək Ərazi vergi orqanları ilə iş üzrə baş idarə adlandırılıb. Baş idarənin adı dəyişdirildikdən sonra da bu idarəyə əvvəlki kimi Elçin Bəylərov rəhbərlik edəcək.

Vergilər nazirinin digər əmrləri ilə buna qədər nazirliyin Aparatının rəhbəri işləyən Əli Həsənov Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, İnsan resursları idarəsi rəisinin birinci müavini vəzifəsində işləmiş Ağasəməd Əfəndiyev isə Vergilər Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti