...

195-2 Çağrı Mərkəzindən vətəndaşlara yeni xidmətlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 17:21 (UTC +04:00)
195-2 Çağrı Mərkəzi vətəndaşlara yeni xidmətlər təklif edir.
195-2 Çağrı Mərkəzindən vətəndaşlara yeni xidmətlər

Bakı. Trend

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərməklə yanaşı, artıq həm iş saatlarında, həm də iş saatlarından sonra vətəndaşlara yeni xidmətlər təklif edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərdiyi zaman müraciət edənlərə səsli menyu vasitəsilə "1" düyməsini seçərək operatorla canlı əlaqə yaratmaq imkanı ilə bərabər, "2" düyməsini seçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair müvafiq ümumi məlumatların əldə edilməsi də təklif edilir.

Vətəndaş 195-2-2 yığdıqdan sonra "1" düyməsi vasitəsilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları, "2" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, "3" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədinin verilməsi Qaydası, "4" düyməsi vasitəsilə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, "5" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması Qaydası, "6" düyməsi vasitəsilə sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və "7" düyməsi vasitəsilə istehlakçıların hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.

Eyni zamanda, əlavə texniki imkanlardan biri kimi, rəsmi iş günlərində və saatlarında 195-2-2 yığaraq səsli menyudan istifadə zamanı prosesin istənilən mərhələsində sıfır düyməsini ("0") seçməklə Çağrı Mərkəzi ilə canlı əlaqə yaratmaq olar.

195-2 Çağrı Mərkəzinin vətəndaşlara təklif etdiyi digər mühüm xidmət isə canlı rejimdə fəaliyyət göstərmədiyi vaxtlarda müraciət edənlərə səsli menyu vasitəsilə 1 düyməsini seçərək Nazirliyin fəaliyyət istiqamətlərinə dair müvafiq ümumi məlumatların verilməsi ilə yanaşı, "2" düyməsini seçməklə növbəti iş günündə Çağrı Mərkəzinin əməkdaşı tərəfindən onunla əks əlaqə yaradılması üçün zəng sifarişi edə bilməsi imkanlarının yaradılmasıdır. Zəng sifarişi edildiyi halda mərkəzin əməkdaşı özü vətəndaşla əlaqə saxlayaraq, onu maraqlandıran sualları cavablandıracaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün respublikanın istənilən yerindən bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən bütün zənglər və Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti