...

Ağsuda avtomobil yolu tikilir (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 15:40 (UTC +04:00)
Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlanılıb.
Ağsuda avtomobil yolu tikilir (FOTO/VİDEO)

Bakı. Trend:

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlərə start verilib.

ASC-dən Trend-ə verilən məlumata görə, uzunluğu 29 km, eni isə 5-6 metr olan yol ötən əsrin 50-60-cı illərində salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür.

Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq.

Hazırda yol boyu torpaq işləri həyata keçirilir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılır.

Torpaq işləri bitdikdən sonra yolun yüksək keyfiyyətli asfalt-beton örtüklə asfaltlanması işlərinə başlanılacaq. 2 qat olmaqla yolun 170 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti