Bakı. Trend:
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasını dəstəkləmək məqsədilə 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə (UNAPF) Sənədi imzalanıb.
İqtisadiyyat Naziliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai imzalayıblar.
Bu məqsədlə Bakı Biznes Mərkəzində keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Ş.Mustafayev Çərçivə Sənədi hazırlanarkən milli tərəfdaşlarla, inkişaf məsələləri üzrə beynəlxalq partnyorlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələrin keçirildiyini qeyd edib və UNAPF-ın Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ifadə olunmuş məqsədlərə əsaslandığını vurğulayıb.
Bildirilib ki, strateji çərçivə sənədi üç sahə - (1) artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi, (2) institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, və (3) ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması üzrə dəstək tədbirlərini nəzərdə tutur.
İqtisadiyyat naziri sənəddə nəzərdə tutulan strateji fəaliyyət sahələri üzrə iqtisadiyyatın diversifikasiyası, dayanıqlı artımı və gənclər, qadınlar, əlilliyi olan insanlar və digər həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə şəraitin yaradılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb. UNAPF-da həmçinin, keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatan olması, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerji, iqlim dəyişikliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və s. məsələləri əksini tapıb.
Çərçivə sənədində inklüzivliyə, elektron xidmətlərinin genişləndirilməsinə, sənaye zonaları və məhəllərinin yaradılmasına, kənd təsərrüfatı, turizm və s. sahələrin inkişafına, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilib. UNAPF üzrə aparılan işlər hazırkı iqtisadi şəraitdə yeni iqtisadi modelə keçməkdə, təkan verməkdə yardımçı olacaq, bu istiqamətdə islahatların aparılmasına dəstək göstərəcəkdir.
Ş.Mustafayev qeyd edib: “İmzalanan BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi sənədi növbəti beş ildə ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçirəcəyimiz birgə fəaliyyətə öz töhfəsini verəcək”.
İqtisadiyyat naziri Ş.Mustafayev həmçinin, Azərbaycan-BMT əlaqələrindən danışaraq mühüm hadisə kimi ölkəmizin 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edib.
Nazir çıxışında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il ərzində Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinin qəbul olunduğunu, qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığının yenidən təsdiq edilərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərinin irəli sürüldüyünü, lakin bu qətnamələrin müddəalarının indiyə kimi yerinə yetirilmədiyini vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib, Çərçivə Sənədində nəzərdə tutulan istiqamətlərin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uzlaşdırıldığını bilirib. “UNAPF 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə BMT Zirvə Görüşündə 192 üzv ölkə ilə yanaşı, Azərbaycanın da rəsmən təsdiq etdiyi 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasında hökuməti dəstəkləmək üçün həm də BMT-nin müştərək öhdəliyidir” - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova Azərbaycan-BMT arasında uğurlu əlaqələrdən danışaraq əməkdaşlığın istiqamətlərindən bəhs edib.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış edərək qeyd edib ki, Azərbaycan BMT ilə digər sahələrlə yanaşı, mədəniyyət və turizm sahəsində də əməkdaşlıq edir. 2017-ci ilin BMT-də “Davamlı turizm ili” elan olunduğunu vurğulayan Ə.Qarayev turizm təhsili sahəsində BMT qurumları ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyi və bu sahədə BMT ilə əlaqələrin genişləndirilməsi məsələləri barədə fikirlərini bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbayan-BMT qurumları arasında iqtisadi əməkdaşlıq haqda danışaraq Çərçivə Sənədinin əhəmiyyətini qeyd edib.
BMT İnkişaf Proqramın rezident nümayəndəsinin müavini Nato Alhazişvili milli inkişaf prioritetləri və 2016-2020-ci illər üçün UNAPF-ın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strateji sahələri barədə təqdimatla çıxış edib.