Bakı. Trend:
Azərbaycanda yeni su boru xətlərinin tikintisi üçün 1 milyard 135 milyon manat investisiya tələb olunur.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, 2017-ci ildə “Azərsu” ASC içməli və ya tullantı su infrastrukturunun olmadığı ərazilər üzrə, səmərəlilik nəzərə alınmaqla qiymətləndirmə apararaq, infrastruktur üzrə baş plan hazırlayacaq. Eyni zamanda, ev təsərrüfatları üçün içməli və tullantı su infrastrukturunun təkmilləşdirilməsi, ən aşağı xərc səviyyəsinin və ən böyük tələbatın olduğu regionları prioritetləşdirməklə, infrastruktura tələb olunan mümkün investisiya xərclərinin dəqiqləşdirilməsi məqsədilə, ekspertləri cəlb etməklə müqayisəli araşdırmalar aparacaq və bu xərclərə əməl olunmasını idarəetmə üzrə əsas icra göstəricilərinə (ƏİG) əlavə edəcək.
Bundan başqa, 2017-2018-ci illərdə sayğaclaşma səviyyəsinin yüksəldilməsi və qeyri-əhali qrupu üzrə tam başa çatdırılması nəzərdə tutulur. “Azərsu” ASC monitorinqlər təşkil edərək, su istehlakçıları arasında sayğaclardan istifadə səviyyəsini yüksəldəcək (xüsusilə qeyri-əhali qrupu üzrə sayğacın sifarişçi hesabına quraşdırıldığını nəzərə alaraq, bu qrup istehlakçılar üzrə sayğaclaşma tam başa çatdırılacaq). Bu zaman sayğacı olmayan su istehlakçılarının aşkarlanması, sayğacdan istifadə səviyyəsinin yüksəldilməsi üçün müəyyənləşdirilmiş konkret hədəflərin idarəetmə üzrə ƏİG-yə daxil edilməsi, eləcə də su sayğaclarının quraşdırılması üçün tələb olunan zaman müddətinə və su sayğacından istifadə hədlərinə nail olmaq üçün tələb edilən işçi qüvvəsinə dair qərar verilməsi keçirilən monitorinqlərin əsas məqsədi olacaq.
Yol xəritəsindən bildirilir ki, 2017-2020-ci illərdə “Azərsu” ASC təchizatçının seçilməsinə və tikinti işlərinin gedişatının izlənilməsinə imkan verən meyarları əhatə edən tenderlər elan edəcək, infrastruktura investisiyaların qoyulması üçün maliyyələşmə mənbələrini müəyyənləşdirdikdən sonra infrastrukturun təkmilləşdirilməsinə başlayacaq və işlərin gedişatını baş plana uyğun olaraq davamlı izləyəcək.
Bu prioritetin tərkib hissəsi kimi, içməli və tullantı su infrastrukturunun yaradılması nəticəsində 2020-ci ildə real ÜDM-in 25 milyon manat birbaşa və 15 milyon manat dolayı olmaqla, cəmi 40 milyon manat artacağı proqnozlaşdırılır. Bu prioritetin məşğulluq səviyyəsinə birbaşa təsiri gözlənilmir.
Qeyd olunur ki, yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 135 milyon manat investisiya qoyuluşu tələb olunur (investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir).
“Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək.