...

Əfqanıstan Azərbaycanın avtomatlaşdırılmış maliyyə sistemi ilə bağlı təcrübəsinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2017 17:20 (UTC +04:00)
Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində olub
Əfqanıstan Azərbaycanın avtomatlaşdırılmış maliyyə sistemi ilə bağlı təcrübəsinə maraq göstərir

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifov Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək iki ölkənin beynəlxalq qurumlarda, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında bir-birini dəstəklədiyi məmnunluqla qeyd olunub.

Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Görüşdə həmçinin, Əfqanıstan nümayəndə heyəti Maliyyə Nazirliyində hal-hazırda tətbiq olunan bir sıra avtomatlaşdırılmış və inteqrasiya olunmuş sistemlərə maraq göstərib. İlk növbədə, onlar müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə yaxından tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.

Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan bu təcrübənin ölkəsində də tətbiq etmək arzusunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti