...

Vitse-prezident: Dünya Bankı Azərbaycanda iqtisadi inkişafa dəstək üçün yeni layihələr axtarır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2017 11:09 (UTC +04:00)
Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) Azərbaycanda iqtisadi inkişafa dəstək üçün yeni layihələr axtarır.
Vitse-prezident: Dünya Bankı Azərbaycanda iqtisadi inkişafa dəstək üçün yeni layihələr axtarır (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) Azərbaycanda iqtisadi inkişafa dəstək üçün yeni layihələr axtarır.

Bunu Trend-ə müsahibəsində ilk dəfə Bakıda səfərdə olan Agentliyin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda deyib.

Onun sözlərinə görə, hazırda Dünya Bankı Qrupuna bankın ekoloji və sosial standartlarına uyğun olan yaxşı gəlirli layihələr lazımdır:

"Dünyada bu tələblərə cavab verən layihələrin sayı çox deyil. Bu standartlara uyğun gələn layihələrdən biri "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transanadolu boru kəməridir. Biz artıq TANAP üçün kreditə zəmanət vermişik. Buna görə də biz Azərbaycana bu layihəyə dəstəyimizi bir daha nümayiş etdirmək, həmçinin Azərbaycanla əməkdaşlıq üçün yeni imkanların axtarışı üçün gəlmişik".

K.Honda bildirib ki, MIGA iki müxtəlif məhsul təqdim edir. Onlardan biri dövlət sektoru, digəri isə özəl sektor üçün layihələrə yatırılan investisiyalara zəmanət verilməsidir:

"Biz ilk aləti artıq TANAP layihəsi çərçivəsində istifadə edirik. İkinci alətə gəldikdə isə Azərbaycan bazarına daxil olan müxtəlif özəl şirkətlərin investisiyalarına zəmanət verə bilərik".

Azərbaycanla əməkdaşlıq üçün potensial sahələrə toxunan K.Honda qeyd edib ki, MIGA müxtəlif sektorlarda zəmanətlər təqdim edə bilər:

"Biz energetika və nəqliyyat kimi müxtəlif sahələrdə də işləyə bilərik. Belə ki, Türkiyədə səhiyyə, Afrikada isə kənd təsərrüfatı sektorlarına dəstək veririk. Azərbaycan hökuməti ilə danışıqlar zamanı energetika, emal sənayesi kimi sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə etdik".

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankı Qrupuna qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti