...

"PAŞA Bank" yerli bazarda növbəti ilkə imza atıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2018 18:09 (UTC +04:00)
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.
"PAŞA Bank" yerli bazarda növbəti ilkə imza atıb

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azercell Telekom, Azәrbaycan Coca-Cola Bottlers Limited və Caspian Marine Services Limited ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.

Bankdan Trend-ə verilən məlumata görə, bu yeni məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir. Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır.

B2B platformasından bəhrələnərək PAŞA Bank Müştəriləri beynəlxalq və yerli hesablaşmalar, o cümlədən standart və təcili ödənişlər, vergi və ya digər büdcə ödənişləri, şirkət-daxili hesablaşmalar, valyuta mübadiləsi və s. əməliyyatları həyata keçirmək və təsdiqləmək, ödənişlərin statusunu yoxlamaq, müvafiq hesabatları almaq və bu xidmətdən istifadə qaydalarında nəzərdə tutulan digər bu kimi üstünlükləri əldə edirlər.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, yerli bazarda bu yeniliyin təqdim edilməsi korporativ müştərilərimizlə daha rahat ünsiyyət qurmaq üçün geniş imkanlar açır:

“Bu layihənin reallaşdırılması Bankın dayanıqlı inkişaf prinsiplərinə və 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində bankçılığın rəqəmsal modelinə keçid üzrə hədəflərinə tam uyğundur. Əminəm ki, bu yeni alət müştərilərlə qarşılıqlı əlaqələrimizi biznes-tərəfdaşlığının müasir formasının daha yüksək səviyyəsinə qaldıracaq”.

Qeyd edək ki, PAŞA Bankla müştəriləri arasında aparılan hesablaşmaların təhlükəsizliyi elektron imza sertifikatları vasitəsilə təmin edilir. Bu istiqamətdə PAŞA Bank Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzi və “ASAN İmza” ilə sıx əməkdaşlıq edir və Banka təqdim olunan bütün ödəniş tapşırıqları müştəri tərəfindən qeyd olunan elektron imzalar ilə təsdiqlənir.

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 550-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti