...

Azərbaycan və Yaponiya investisiya sazişi üzrə danışıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2018 20:56 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Yaponiya investisiya sazişinə dair danışıqlar prosesinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Şino Bakıda keçirilən brifinqdə deyib.

XİN rəsmisinin sözlərinə görə, bu saziş Yaponiya şirkətlərinə Azərbaycanda, Azərbaycan şirkətlərinə isə Yaponiyada daha çox sərmayə qoymağa imkan verəcək. M.Şino deyib ki, bu sənədin reallaşması üçün işçi qrupunun yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək Yaponiya Azərbaycan iqtisadiyyatına təxminən 7 milyard dollar investisiya qoyub.

Yaponiya xarici işlər naziri Taro Kononun Azərbaycana səfərinin nəticələri və məqsədləri barədə məlumat verən M.Şino deyib ki, bu səfər T.Kononun XİN rəhbəri kimi Azərbaycana ilk səfəridir:

"Qafqazda sabitlik dünyada sabitlik deməkdir. Yaponiya regionun inkişafını dəstəkləyir. Buna görə Tokio "Qafqaz Təşəbbüsü" proqramını irəli sürüb. Bu proqram iki istiqaməti əhatə edir: insan resurslarının inkişafını dəstəkləmək və yapon şirkətləri üçün bölgənin cazibədarlığını artırmaq üçün səyləri dəstəkləmək".

Yaponiya XİN rəsmisinin sözlərinə görə, iki ölkə ətraf mühit məsələləri, habelə logistika sahəsində imkanların genişləndirilməsi ilə bağlı əməkdaşlıq edə bilər:

"Bu, ölkələrin ehtiyaclarından asılıdır. Bundan asılı olaraq təcrübə mübadiləsi edə bilərik".

M.Şino qeyd edib ki, bu proqram çərçivəsində ikinci istiqamət turizm və biznes kimi sahələrdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsidir.

Eyni zamanda Yaponiya region ölkələri üçün çoxdəfəli vizaların verilməsi prosedurlarının sadələşdirilməsini də nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti