...

Qarabağdakı layihələrdə iştirak üçün xarici şirkətlərdən gələn müraciətlərin sayı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2022 12:43 (UTC +04:00)
Qarabağdakı layihələrdə iştirak üçün xarici şirkətlərdən gələn müraciətlərin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək Qarabağdakı layihələrdə iştirak üçün 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdəndir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

"2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası post-pandemiya dövrü üçün bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq. Şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə biznesin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımıza bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxış böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir", - deyə o bildirib.

O.Məmmədovun sözlərinə görə, KOBİA-nın fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəlib.

"Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir, o zaman, şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Hazırda ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda 21 KOB İnkişaf Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Agentliyimiz tərəfindən verilən startap sertifikatları vasitəsilə innovativ sahibkarlar vergi güzəştlərini əldə etmiş olurlar", - KOBİA sədri deyib.

O əlavə edib ki, 2021-ci ildə mikro sahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31 faiz, kiçik sahibkarlıq üzrə 79 faiz, orta sahibkarlıq üzrə isə 139 faiz artım qeydə alınıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti