Bakı. Trend:
Qırğızıstan intellektual kənd təsərrüfatı sahəsində irimiqyaslı təşəbbüslərin, eləcə də, masir texnologiya və innovasiyalar əsasında aqrar sektorun optimallaşdırılma məqsədlərinin icrasında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr, o cümlədən, Azərbaycanla tərəfdaşlığa aktiv şəkildə can atır.
Trend xəbər verir ki, bunu Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Murat Ramatov TDT ölkələrinin kənd təsərrüfatı nazirlərinin iclasında deyib.
"Bununla əlaqədar olaraq Qırğızıstan tərəfinin "ağıllı kənd təsərrüfatı"nın birgə tətbiqi sahəsində qarşılıqlı səmərəli layihələrin icrasına hazır olduğunu bildirirəm.
Nəzərə almaq lazımdır ki, iqlim dəyişiklikləri, torpağın deqradasiyası və digər ekoloji çağırışlar artıq bu gün mühüm çətinliklər yaratmaqla gələcək nəslə necə irs buraxacağımızı şübhə altında qoyur. Buna görə də xalqlarımızın qarşısında duran məsuliyyət, ümumi hədəf və vəzifələr var.
Resurs və təcrübələrimizi birləşdirməklə daha səmərəli və hərtərəfli olacaq strategiyalar hazırlamalıyıq. Bildirmək istərdim ki, 21 sentyabr 2023-cü il tarixində Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov "2023-2027-ci illərin dağ rayonlarının inkişafı üzrə beşillik fəaliyyət dövrü elan edilməsi barədə" sərəncam imzalayıb. Sərəncamın məqsədi ölkənin ekoloji, iqtisadi, ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də, iqlim davamlılığının artırılmasından ibarətdir", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.
(Tərcümə: Rəna Əbdürəhmanova)