Bakı. Trend:
Prezident İlham Əliyevə türk investorlar üçün yaradılmış şəraitə görə minnətdaram.
Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Pirallahı Sənaye Parkında Əczaçılıq Müəssisəsinin təməlqoyma mərasimində deyib.
"Bu gün burada çox əlamətdar hadisə üçün toplaşmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də, iqtisadiyyat naziri Mİkayıl Cabbarova türk investorlar üçün yaradılmış şəraitə görə minnətdarlığımı bildirirəm", - o deyib.
Səfirin sözlərinə görə, müəssisədə 165 nəfər işlə təmin olunacaq.
"Bu müəssisəyə 60 milyon manat dəyərində investisiya yatırılacaq. Türkiyə əczaçılıq sahəsində çox güclüdür. Bu müəssisə, həmçinin, texnologiya transferti olacaq, eləcə də, tibbi təhsil alan tələbələrin iş təcrübəsi əldə etməsinə töhfə verəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, "Gen Pharma Caucasus Manufacturing Operations" MMC Pirallahı Sənaye Parkında rezident statusu alıb. Beləliklə, sənaye parkının rezidentlərinin sayı 6-ya çatıb.
Sənaye parkının 7,8 hektar ərazisində şirkət yüksək keyfiyyətli 42 adda müxtəlif doza və formada (həblər, kapsullar, jelatin kapsulları, suspenziya üçün toz, şərbət) dərman məhsulları istehsal olunacaq.
İllik istehsal gücü 50 milyon qablaşdırma olaraq nəzərdə tutulan müəssisə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" və "Sia Pharmaceuticals" MMC arasında üçtərəfli əməkdaşlıq çərçivəsində inşa olunacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)