Bakı. Trend:
Azərbaycanda məhsul keyfiyyətinə nəzarət üzrə görülən işlər onun rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX)rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib və mayın 20-nin Beynəlxalq Metrologiya Günü olduğunu əlavə edib.
Onun sözlərinə görə, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri" proqramı çərçivəsində uzunmüddətli islahatlar aparılır ki, bu da Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artırmağa imkan verəcək.
"Keyfiyyət infrastrukturun inkişafının təmin edilməsi ilk növbədə rəqabətə təsir edir. Axı bazarda mal və xidmətlər arasında rəqabətin əsas ölçü vahidi qiymət deyil, qiymət və keyfiyyət nisbətidir", - deyə M.Ababsbəyli vurğulayıb.
Xidmət rəisi AİBNDX-nin əsas məqsədinin güclü və sabit rəqabət mühiti yaratmaqla sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi, əhaliyə keyfiyyətli məhsulların təqdim edilməsi, inhisarın qarşısının alınması, eləcə də şəffaflıq və fəaliyyət səmərəliliyini təmin etməklə ölkə iqtisadiyyatının möhkəmləndirilməsi olduğunu qeyd edib.
"Xidmətimizin fəaliyyətinə metroloji nəzarət daxildir. Dövlət metroloji nəzarətinin əsas məqsədi iqtisadiyyatın müxtəlif sahələrində aparılan qeyri-dəqiq ölçmələr nəticəsində insanların həyat və sağlamlığına, o cümlədən dövlətin iqtisadi maraqlarına təhdidlərin yaranma ehtimalını minimuma endirməkdən ibarətdir", - o deyib.
Xidmət rəisi bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi və innovasiyaların tətbiqi məqsədilə Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlıq əlaqələri qurulub.
(Tərcümə: Rəna Əbdürəhmanova)