...

TÜRKİYƏLİ AUDİTORLAR AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIRLAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 13:54 (UTC +04:00)

"Türkiyəli auditorlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar". Trend in xəbər verdiyi kimi, bu barədə auditor Antalya Serbest Muhasebeci Mali Müşavirler Odasının prezidenti Arif Hikmət Çingiz sentyabrın 13-də Türkiyədə vergi qoyma təcrübəsinə həsr olunmuş seminarda bildirib.

Onun sözlərinə görə, təşkilat gələcəkdə Azərbaycanın Auditor Palatası ilə audit sahəsində birgə işlər həyata keçirməyi, fikir mübadiləsi aparmağı planlaşdırır. O qeyd edib ki, Türkiyənin mövcud vergi qoyma sistemi bu sahədə Almaniyanın təcrübəsi əsasında yaradılıb.

Seminarda Vahid Novruzovun sədri olduğu Auditor Palatasının nümayəndələri ilə yanaşı, özəl xarici və yerli auditor şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Sentyabrın 13-də Türkiyə nümayəndə heyəti və Vahid Novruzov arasında qapalı görüş keçirilib. Görüşdə yaxın illərdə hər iki struktur arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Türkiyənin auditorlar nümayəndə heyətinin TURMOB təşkilatının (Türkiye Serbest Muhasebeci Mali Müşavirler ve Yeminli Mali Müşavirler Odalari Birliyi) nümayəndələri qismində Azərbaycana səfəri sentyabrın 12-də başlayıb və ayın 18-nə kimi davam edəcək.

Səfər çərçivəsində nümayəndələr respublikada fəaliyyət göstərən Caspian Consulting, Ata Audit auditor şirkətlərinin iş prinsipləri ilə tanış olacaqlar, sentyabrın 17-nə isə Milli Məclisin iqtisadi siyasət üzrə daimi komissiyasının sədri Səttar Səfərovla görüş planlaşdırılıb.

Səfər Azərbaycanın Auditor Palatası və TURMOB arasında cari ilin aprelində Antalyada imzalanmış niyyət protokolu çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti