Beynəlxalq Valyuta Fondunun statistika departamentinin baş iqtisadçısı Miq Silver fevralın 28-də Bakıya gələcək. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından bildiriblər.
Səfər çərçivəsində M.Silver Milli Məclisdə, Dövlət Statistika Komitəsində və digər dövlət orqanlarında görüşlər keçirəcək. Görüşlərdə statistika sahəsində həyata keçirilən islahatlar, istehlak qiymətləri indeksinin hesablanması mexanizminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Adıçəkilən komissiyadan onu da bildiriblər ki, Milli Məclisin yaz sessiyasında iqtisadiyyata təkan verə biləcək bir sıra qanun layihələri qəbul olunacaq. Hazırda komissiyanın işçi qrupu müvafiq instansiyalarla birlikdə "Rəqabət haqqında" qanun layihəsi üzərində iş aparır. Məqsəd iqtisadi sahədə münasibətləri tənzimləməklə yanaşı, müxtəlif sahələr üzrə inhisarçılığın aradan qaldırılmasını təmin etməkdir.