...

Azərbaycanın Dövlət gömrük Komitəsinin rəhbəri İranın nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 18:49 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev martın 6-da İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend bildirir ki, bu barədə DGK-nin martın 6-da yaydığı məlumatda deyilir.

Görüşdə DGK sədri Azərbaycan ilə İran arasında bir sıra sahələrdə münasibətlərin inkişafını xüsusilə qeyd edib.

DGK sədri əməkdaşlığın inkişafında, xüsusilə ölkələr arasında ticarət əməliyyatlarının artırılmasında, hər iki ölkə vətəndaşlarının səfəri zamanı gömrük proseduralarının sadələşdirilməsində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. A.Əliyev İranın Gömrük İdarəsinin rəhbəri Məhəmməd Haşim Rəhbərini Azərbaycana dəvət edib.

A.Əliyev ümid etdiyini bildirib ki, İran Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzində keçiriləcək seminarda iştirak edəcək və Azərbaycan ilə İran arasındakı münasibətlər bundan sonra da inkişaf etdiriləcək.

Ərdəbil vilayəti gömrük idarəsinin rəisi Cavad Sərabi M.H.Rəhbərinin adından Azərbaycanın DGK sədrini İrana səfərə dəvət edib.

Onun sözlərinə görə, İran iki ölkənin sərhədində yerləşən Biləsuvar müştərək bazarının fəaliyyətə başlamasında çox maraqlıdır. O, İranın sərhəd gömrük məntəqələrinin sayının artırılması perspektivinə çox müsbət münasibət bəslədiyini qeyd edərək bildirib ki, "Aslandüz-Horadiz" sərhəd-buraxılış məntəqəsinin açılması ilə bağlı problem yoxdur.

A.Əliyev Ərdəbil vilayətində istehsal olunan malların Bakıda sərgisinin keçirilməsini, Yardımlı rayonu ərazisində qaçaqmalçılıq hallarının qarşısının alınmasında böyük əhəmiyyət kəsb edə bilən sadələşdirilmiş gömrük məntəqəsinin açılmasını təklif edib. DGK sədri bildirib ki, bu işlərin həyata keçirilməsi üçün xüsusi işçi qrupu yaradılacaq.

Xəbər lenti

Xəbər lenti