Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Bank Standard"ın İdarə Heyətinin sədr müavini Cavid Quliyevin bazar ertəsi mətbuat konfransında verdiyi məlumata görə, səhmdarların qərarına əsasən, "Bank Standard"ın maliyyə kapitalı 30 iyundan etibarən 15 mln. manatdan 50 mln. manata qaldırılacaq.
Nizamnamə kapitalının artırılması dünyanın ən iri banklarından biri olan "Credit Suisse"in hesbına reallaşacaq. "Bank Standard"ın səhmdarlarına 5 il müddətinə 35 mln. dollar həcmində kredit verilməsi barədə həmin bankla müqavilə imzalanıb.
"Credit Suisse"in bu prosesdə iştirakı səhmdarlara kreditlər verilməsi çərçivəsində reallaşır və onların tərkibinə təsir etmir: bank ölkənin 100 faiz yerli kapitala malik olan ən nəhəng maliyyə institutu statusunu qoruyub saxlayır.
Belə böyük nizamnamə kapitalına malik olan "Bank Standard" yeni səviyyəyə çıxış məqsədilə baza yaradaraq gələcək inkişaf üçün geniş imkanlara yol açacaq.
Eyni zamanda, bank yerli bazarda öz payını artırmaq, beynəlxalq səviyyədə fəaliyyətini aktivləşdirmək istiqamətində çalışır.
Nizamnamə kapitalının artırılması banka daha da uzun müddətə və daha əlverişli faizlərlə maliyyə resursları cəlb etmək məqsədilə beynəlxalq bazarlara birbaşa çıxış imkanı verəcək. Bu, bankın kredit məhsullarının əhatə dəirəsini genişləndirməyə imkan verəcək, böyük korporativ müştərilərin regional layihələr də daxil olmaqla daha genişmiqyaslı və uzunmüddətli layihələrini maliyyələşdirməyə imkan yaradacaq ki, bu da iqtisadiyyatın real sektorunda müsbət artıma və yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Digər tərəfdən bank korporativ müştərilər üçün nəzərdə tutulmuş "keş-menecment" məhsullar xəttini möhkəmləndirəcək.
Bankın yeni keyfiyyətli kapitalizasiyadan onun müştəriləri bə yararlanacaqlar.
Riteyl bankçılıq bazarında özünün aparıcı mövqeyindən istifadə edərək "Bank Standard" həm Bakıda, həm də regionlarda sosial əhəmiyyət kəsb edən ipoteka krediti proqramını genişləndirə və avtomobil krediti, kredit kartları və ümumi məqsədlər üçün istifadə olunan kartlar kimi kreditləşmə xəttini yeniləşdirə bilər.
Bununla yanaşı, "Bank Standard" respublikanın bankları sırasında ən böyük depozit portfelinə malikdir və bankın mövqeyinin möhkəmlənməsi məqsədi daşıyan yeni depozit və derivativ məhsulların yaradılması istiqamətində iş aparılır.