Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Azergarant" sığorta şirkəti idarə heyətinin sədr müavini Şükür Hüseynovun cümə günü verdiyi məlumata görə, Azərbaycanın ÜTT-yə qəbulundan sonra baş tutacaq islahatlar dövri sığorta bazarında sağlam rəqabətə təkan verəcək.
"Hər hansı bir ölkənin ÜTT-yə qəbulundan sonra təşkilat hökumətə iqtisadiyyatında islahatlar aparmaq məqsədilə bir neçə mərhələdən ibarət möhlət verir" - deyə Hüseynov bildirib.
Onun sözlərinə görə, ÜTT-nin prinsipləri öz əksini sığorta haqqında qanunda tapıb ki, bu qanunun Azərbaycan parlamentinin payız sessiyasında qəbul olunacağı gözlənilir.
Yeni qanuna əsasən, bütün sığorta şirkətləri öz formalarını QSC-dən ASC-yə dəyişməlidirlər, həmçinin investorlar üçün məhdudiyyətlər ləğv olunacaq.
Qüvvədə olan qanuna əsasən, xarici investorlar səhmlərin yalnız 49%-ni əldə edə bilərlər.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkətindən 6-sı xarici şirkətlərlə birgə fəaliyyət göstərən sığorta şirkətləridir.
Hüseynov bildirib ki, Azərbaycanın ÜTT-yə qəbulu iqtisadiyyatın bütün sahələrində dəyişikliklər demək deyil. "Ölkəyə iqtisadiyyatın bu və digər sahəsində islahatların həyata keçirilməsi üçün keçid dövrləri veriləcək" - deyə o bildirib.
Hüseynovun fikrincə, sığorta bazarında daha çox xarici kapitalın mövcud olduğu şəratidə rəqabət meydana çıxacaq və bu, ilk dövrlərdə kifayət qədər inkişaf etməmiş şirkətləri qorxuda bilər.
"Müəyyən müddətdən sonra potensial müştərilərini itirməməyə çalışan, daha çox kapitallaşmaya malik şirkətlərə müraciət edən və daha maraqlı sığorta məhsulları təqdim edən sığorta şirkətləri daha yaxşı işləyəcəklər. Bazarda peşəkar şirkətlərin olması sağlam rəqabətə təsir göstərəcək" - deyə o bildirib.