...

"Neapol" yaxınlığında inşaatçılar qeyri-peşəkarlıq ucbatından həlak olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2007 17:12 (UTC +04:00)
"Neapol" yaxınlığında inşaatçılar qeyri-peşəkarlıq ucbatından həlak olub

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Neapol" istirahət mərkəzi yaxınlığında binanın tikintisi zamanı bədbəxt hadisə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Bunu cümə günü Əmək müfəttişliyinin texniki təhlükəsizlik məsələləri üzrə nəzarət sahəsinin rəhbəri Məmməd Qazıyev bildirib.

Avqustun 14-də "Neapol" istirahət mərkəzi yaxınlığında yeni binanın tikintisi zamanı ikinci mərtəbə çöküb. Nəticədə iki nəfər həlak olub, bir nəfər bədən xəsarətləri alıb.

Qazıyevin sözlərinə görə, hadisə yerinin baxışı qəzanın inşaatçıların qeyri peşəkarlığı ucbatından baş verdiyini göstərib.

"İnşaatçılar ikinci mərtəbənin dayaqlarının qurumasını gözləmədən ikinci mərtəbənin beton təbəqəsi ilə örtülməsinə başlayıblar",- deyə o söyləyib. Dayaqlar isə yükə dözmək üçün kifayət qədər möhkəm olmayıb.

Əmək müfəttişliyinin yanvar-iyun ayları ərzində 56 tikinti işində apardığı monitorinqlərin nəticəsinə əsasən texniki təhlükəsizlik qaydalarının 470 pozulması halı qeydə alınıb. Bunladan 418-i həll olunub. Tikinti işləri zamanı bədbəxt hadisələr nəticəsində13 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti