Azərbaycan, Bakı, 10 yanvar/ Trend , müxbir A.Bədəlova/ 2008-ci ilin yarısından da əvvəl və 2009-cu ildə neftin qiymətləri azalacaq. ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Energetik İnformasiya Admininstrasiyasının (EİA) energetik bazarlar üzrə informasiya departamentinin direktoru Duqlas Makintayr (Douglas Macintyre) cümə axşamı Trend -a məlumat verib. "Aşağı qiymətlər, əsasən, 2008-ci ilin sonunda müşahidə olunacaq" -Makintayr bildirib.
2007-ci ilin əvvəlindən neftin qiymətləri 50% bahalaşaraq, rekord göstəriciyə-bir barel üçün 100 dollara çatıb.
ABŞ-ın Energetik İnformasiya Admininistratiyasının proqnozlarına görə, 2008-ci ildə dünyada neftə təlabat OPEK-ə daxil olmayan ölkələrin neft ixracından sürətlə artacaq. Bu. öz növbəsində, OPEK-in qiymətlərə artan təzyiqi kompensasiya etməsinə gətirəcək. Dünyada neftə olan təlabat bir gün üçün proqnozlaşdırılan 1 mln. bareldən 2008 və 2009-cu illərdə 1.6 mln. barelədək artacaq. 2007-ci illə müqayisədə belə böyük həcm, əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində və Avropada istehlakın artmasının nəticəsidir. Avropada 2007-ci ildə neftə təlabatın artması hava şəraitinə görə dayanmışdı.
2009-cu ildə OPEK-in neft hasilatı, orta hesabla, sutkada 31.8 mln. barel təşkil edəcək. 2008-ci ildə bu rəqəm sutkada 32.6 mln. barel olacaq.
Makintayrın sözlərinə görə, 2008-ci ilin ikinci yarısında və 2009-cu il ərzində OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artması neftin qiymətlərinin azalması üçün kifayət edəcək.
OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatı 2008-ci ildə sutkada 0.9 mln. bareldən 2009-cu ildə sutkada 1.6 mln. barelədək artacaq. Azərbaycanda, Rusiyada, Kanadada, Braziliyada, ABŞ-da, Sudanda, Çində və Qazaxıstanda neft hasilatı OPEK-ə daxil olmayan ölkələrdə xammal istehsalının artmasında böyük rol oynayacaq.