...

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 2008-ci ilin yekunu üzrə 10 milyard manata qədər artacaq

Energetika Materials 17 Aprel 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / " , müxbir İ.Xəlilova/ Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft Fondu tərəfindən (ADNF) 2008-ci ilin yekunu üzrə əvvəllər proqnozlaşdırılan 3,6 mlrd. manat ilə müqayisədə 10 mlrd. manata qədər gəlir gözlənilir. Bu barədə cümə axşamı ADNF-in icraçı direktoru Şahmar Mövsümov 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Neft ixracının artması səbəbindən bu daxilolmalar onun satışından əldə ediləcək", - deyə Fond rəhbəri bildirib.

Bunun nəticəsində ilin sonuna qədər Neft Fondunun aktivləri aprelin 1-nə olan 2,775 mlrd. manata ($3,336 mlrd.) nisbətdə 9-10 mlrd. manata çata bilər.

Bu il üçün təsdiq olunan büdcəyə görə, Fondun gəlirləri 3 mlrd. 609 mln. 361 min manat, xərcləri isə 1 mlrd. 680 mln. 853,6 min manat səviyyəsində müəyyən olunub.

Mövsümovun sözlərinə görə, 2008-ci ildə dövlət büdcəsi üzrə proqnozların düzəldilməsi çərçivəsində hazırda ADNF-in də proqnoz göstəricilərinə yenidən baxılır.

Fond gəlirlərinin artması ilə əlaqədar olaraq ADNF rəhbəri xərclərin genişlənmə ehtimalını da istisna etməyib. Bu, Neft Fondundan dövlət büdcəsinə 1,1 mlrd. manat müəyyən olunan köçürmələrə də aid ola bilər. Bu məbləğin 580 mln. manatı layihələrin reallaşdırılmasına yönəldiləcək.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dividentlər dəqiqləşdirilir.

"2007-ci ilin yekunlarına görə, boru kəmərinin istismarı üzrə gəlirlər artıq əldə olunub, indi 2008-ci ilin yekunu üzrə Fond büdcəsinin gəlir hissəsinə daxil ola biləcək gözlənilən daxilolmalara dair hesablamalar aparılır", - deyə Mövsümov bildirib.

Proqnozlara görə, Fonda daxil olmaların böyük hissəsi (90 faizdən yuxarı) mənfəət neftinin satışından gözlənilir. Neft layihələrinin həyata keçirilməsindən gələcək gəlir 3 mlrd. 473 mln. 109,6 min manat səviyyəsində, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dvidentlərdən isə 13 mln. 423,2 min manat gəlir proqnozlaşdırılır. Neft Fondu vəsaitlərinin idarə olunmasından gəlirlilik 121 mln. 928,2 min manat həcmində, digər gəlirlər isə 900 min manat həcmində gözlənilir.

Neft Fondunun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 145 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurma işləri üzrə layhələrin maliyyələşdirilməsi üçün 120 mln. 600 min. manat, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkiləsi üçün 211 mln. 820 min manat, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı üçün 88 mln. 682 min manat, Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə Dövlət Proqramı üçün 5 mln. manat müəyyən olunub.

Neft Fondu İdarəsinin xərcləri 9 mln. 751,6 min manat həcmində planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti