...

Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinə məxsus neft terminalının açılış mərasimi keçirilib

Energetika Materials 16 May 2008 16:59 (UTC +04:00)
Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinə məxsus neft terminalının açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 16 may/ Trend , müxbir S.Əliyev/ Kulevidə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus neft terminalının rəsmi açılış mərasimi keçirilib. Bu barədə Nəqliyyat Nazirliyinin cümə günü yayılan məlumatında deyilir.

Kulevi terminalı eyni vaxtda 168 vaqon-sistern qəbul edə bilər. Çən parkının ümumi həcmi 380 min kubmetr təşkil edir. Liman 100 min tonadək dedveytli gəmiləri qəbul edə bilər. İki il ərzində terminalın buraxma gücünü ildə 15-20 mln. tonadək artırmaq planlaşdırılır.

Terminalın tikintisinin başa çatdırılması üçün ARDNŞ $305 mln. məbləğində sindikatlaşdırılmış kredit götürüb. ABN Amro, Societe Generale və BNP Paribas başda olmaqla, 15 Avropa bankından ibarət sindikat kreditor qismində çıxış edib. ARDNŞ neftə olan yüksək qiymətlər və neft hasilatının artması ilə əlaqədar, borcu 2009-cu ildə tamamilə ödəmək niyyətindədir.

İldə 2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, terminalın ümumi aşırma gücü 10 mln. ton təşkil edəcək.

Terminal 168 sisternin gətirilməsi mümkün olan dörd dəmir yoluna, yaxınlaşma kanalına və üç körpüyə malikdir. Terminalın strukturuna neft və neft məhsullarının tərkibinin yoxlanılması üzrə laboratoriya, qazın yüklənməsi üçün xüsusi estakadalar, doqquz yardımçı servis gəmisindən ibarət donanma və 13,8 kilometr uzunluğunda yeni "Kolxeti - Kulevi" dəmir yolu daxildir. Hesablamalara görə, terminal 100 min tondan 150 min tonadək dedveytə malik gəmiləri sərbəst qəbul edə bilər.

Xəbər lenti

Xəbər lenti