...

Siyasi məsələlərin həlli İran qazının Avropaya ixracına imkan verəcək – "Nabukko" layihəsinin rəhbəri

Energetika Materials 24 İyun 2008 18:17 (UTC +04:00)
Siyasi məsələlərin həlli İran qazının Avropaya ixracına imkan verəcək – "Nabukko" layihəsinin rəhbəri

Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir A.Bədəlova/Siyasi vəziyyət imkan verdikdən sonra İran qazı Avropaya ixrac ediləcək. Bu barədə Macarıstanın BBJ qəzetinə müsahibəsində Nabucco Gas Pipeline International şirkətinin icraçı direktoru Reynhard Mitşek məlumat verib.

"Biz Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran, İraq, Misir və Rusiyadan qaz gözləyirik. Biz bir qaz mənbəyindən asılı deyilik və məhz bu Avropadakı qaz alıcılarını cəlb edir", - Mitşek söyləyib.

Əvvəllər ABŞ Dövlət Katibinin Avropa və Asiya işləri üzrə müavini Metyu Brayza (Matthew Bryza) bildirib ki, İran qazı "Nabukko" qaz kəməri ilə Avropaya nəql edilərsə, Vaşinqton bu kəmərin tikintisinin əleyhinə çıxacaq.

Mitşekin sözlərinə görə, avropalı qaz alıcıları İran qazının alınması haqqında saziş bağladıqdan sonra, "biz onu "Nabukko" ilə nəql edəcəyik".

"İran nəqletmə gücünü artıra və maraqlı alıcılara qaz təklif edə bilər. Bizdə Avropa Komissiyasından, o cümlədən Aİ-nin energetika üzrə komissarı Andris Piyebalqsdan uzunmüddətli perspektivdə İran qazının Avropa üçün mümkün olması barədə bir neçə bəyanat var", - icraçı direktor bildirib.

Onun sözlərinə görə, Avropaya qaz tədarükünü yaxın vaxtlarda iki dəfə artırmaq lazım gələcək. 2007-ci ildə Aİ-nin 27 ölkəsi arasında qaza tələbat 500 mlrd. kubmetr olub. Bu həcmin 300 mlrd. kubmetri idxal olunub, 200 mlrd. kubmetr isə, Avropanın özündə hasil edilib.

"Növbəti 10-15 il ərzində Avropada ümumi qaz istehlakı həcmi 700 mlrd. kubmetrədək artacaq, istehsalsa, 100 mlrd. kubmetrədək düşəcək. Bu o deməkdir ki, İran da daxil olmaqla, qaz tədarüklərinin böyük diversifikasiyasına ehtiyac var", - Mitşek bildirib.

"Türkmən və qazax qazı Azərbaycan və Yaxın Şərq qazı qədər vacibdir. Biz bilirik ki, bu ölkələrdə yataqların işlənilməsi və hasilat potensialı yüksəkdir. Biz ümid edirik ki, dənizin dibi ilə Türkmənistandan Qazaxıstana çəkiləcək TransXəzər boru kəməri üzrə saziş əldə ediləcək", - "Nabukko" layihəsinin rəhbəri bildirib.

Mitşekin sözlərinə görə, Azərbaycan Avropaya qaz tədarük edəcək, lakin bu qaz "Nabukko" boru kəmərinin doldurulması üçün kifayət deyil.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən etibarən, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Aİ-yə qaz tədarük etmək nəzərdə tutulur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti