...

Azərbaycandan yanvar-iyunda təqribən 20 mln. ton neft ixrac edilib

Energetika Materials 19 İyul 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul/ Trend / Yanvar-iyunda boru kəməri nəqliyyatı və dəmir yolu ilə Azərbaycandan təqribən 20 mln. ton neft ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

Bu dövr ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə təqribən 18 mln. ton neft ixrac edilib. BTC ilə "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən yüngül neft nəql edilir. Neft kəmərinin operatoru BP şirkətidir. "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi üzrə layihənin yalnız iki əcnəbi iştirakçısı - Amerikanın "ExxonMobil" və "Devon" şirkətləri öz neft paylarını BTC ilə nəql etmirlər. Bu şirkətlər BTC-nin tikintisində sərmayədar olmayıblar və öz neftlərini dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdıraraq bu limandan satırlar.

Komitənin məlumatlarına əsasən, yanvar-iyunda Bakı-Novorossiysk boru kəməri ilə təqribən 563 min ton neft ixrac edilib. Bu boru kəməri ilə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin şəxsi vəsaitləri hesabına yataqlardan hasil etdiyi neft, həmçinin quru yataqlarında neft hasil edən birgə müəssisələr və xarici kapitalın iştirak etdiyi əməliyyat şirkətlərinin xammalı nəql olunur.

Komitə qeyd edir ki, təmir işləri başa çatdıqdan sonra mayda Bakı-Supsa boru kəməri ilə neft nəqli bərpa edilib və may-iyunda o, 7,7 min ton təşkil edib. Bu marşrutla neft nəqli 2006-cı ilin sonunda dayandırılıb. Boru kəmərində texniki problemlər aşkar edilib ki, indiyədək operator onların həlli ilə məşğuldur. Boru kəmərinin opertoru BP şirkətidir. Kəmər dayandırılanadək onunla "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən yüngül neft nəql edilib.

Komitənin məlumatında deyilir ki, yanvar-iyunda dəmir yolu nəqliyyatı ilə 1,4 mln. tondan çox neft nəql edilib. Dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına Amerikanın "ExxonMobil" və "Devon" şirkətlərinin "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdikləri neftdən əlavə, Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan nəql edilən tranzit xammalı çatdırılır.

Xəbər lenti

Xəbər lenti