...

Nabucco Gas Pipeline International "Nabukko" qaz kəmərinin tikintisi üzrə tender elan etməyə hazırlaşır

Energetika Materials 24 Yanvar 2009 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir A.Bədəlova/ Nabucco Gas Pipeline International  2009-cu ilin sonu və ya 2010-cu ilin əvvəlində "Nabukko" qaz kəmərinin tikintsi üçün podratçı seçimi üzrə tender elan edəcək.

"Nabukko" konsorsiumunun direktoru Reynxard Mitçek "Bloomberg" agentliyinə bildirib ki, boru kəməri üçün ilk qaz Azərbaycandan gözlənilir.

"Biz 2013-cü ilədək məqsədimizə çatmaq üçün düzgün yoldayıq", - deyə Mitçek bildirib.  

"Nabukko" boru kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulur. Qaz kəmərinin tikintisi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal nəql gücü ildə 31 mlrd. kubmetr təşkil edəcək.

Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Aİ-yə sədrlik edən Çexiyanın təklifi əsasında yanvarın 26-27-də Budapeştdə "Nabukko" layihəsinin perspektivlərinə həsr olunacaq sammit keçiriləcək. Sammitdə layihə üzrə səhmdar ölkələrin nümayəndələri, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İraq və Misirin, həmçinin tranzit ölkə qismində çıxış edəcək Gürcüstanın nümayəndə heyətləri iştirak edəcək.

Mitçekin sözlərinə görə, İran nümayəndə heyətinin sammitdə iştirakı çox ehtimal edilmir, bununla belə, ölkə "Nabukko" üçün mümkün qaz tədarükçüləri sırasına daxil edilib.

Konsorsiumun direktoru bildirib ki, Macarıstanda keçiriləcək sammitdə əsas məqsəd layihənin gələcək reallaşdırılması üçün cədvəlin tərtib edilməsi və müzakirəsidir.

" "Nabukko" qaz kəməri  Türkiyənin Gürcüstan və ya İran ilə sərhədindən Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən keçməklə, Avstriyadakı qazpaylayıcı mərkəzə uzanacaq. Layihə təqribən 7,9 mlrd. avroya (10,1 mlrd. dollar) başa gələcək", - deyə Mitçek bildirib. .

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti