...

Türkiyə vasitəsilə Azərbaycan qazının tranzitinin həlli məsələsinin sürətləndirilməsi üçün Bakıda görüş keçirilə bilər – İtaliyanın xarici işlər nazirinin müavini

Energetika Materials 3 Mart 2009 17:43 (UTC +04:00)
Türkiyə vasitəsilə Azərbaycan qazının tranzitinin həlli məsələsinin sürətləndirilməsi üçün Bakıda görüş keçirilə bilər – İtaliyanın xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 03 mart / Trend / İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Mantika Türkiyə vasitəsilə Azərbaycan qazının tranzitinin həlli məsələsinin sürətləndirilməsi üçün İtaliya və Türkiyə baş nazirlərinin iştirakı ilə Bakıda üçtərəfli görüşün keçirilməsi təklifi ilə çıxış edib. Bu təklif Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüş zamanı səsləndirilib. Bu barədə çərşənbə axşamı Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli bildirib.

Mantika həmçinin qeyd edib ki, Azərbaycan qazının İtaliyaya nəqli məsələsinin tezliklə həlli üçün bu ölkənin hökuməti Türkiyə ilə fəal əməkdaşlıq edir.

Əliyevin sözlərinə görə, Azərbaycan məxsus olduğu "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın Yunanıstan və İtaliyaya ixracı üçün Türkiyə ilə intensiv danışıqlar aparır.

Azərbaycan 2009-cu ildə 24 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır. Bu həcmin doqquz mlrd. kubmetri "Şahdəniz" yatağından hasil olunacaq qazın payına düşür. Əliyev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu məsələdə İtaliya ilə geniş əməkdaşlığın tərəfdarıdır.

Görüşdə qeyd olunub ki, Azərbaycan "Nabukko" boru kəməri ilə öz qazını nəql etmək üçün bu gün real imkanlara malik olan yeganə ölkədir.

Xəbər lenti

Xəbər lenti