Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /
SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev şirkətin ilin sonunadək "Günəşli" yatağında yeni kompressor stansiyasının tikintisini başa çatdıracağını bildirib. Bunun nəticəsində atmosferə aşağı təzyiqli qaz tullantıları 90 faiz azalacaq.
SOCAR "Günəşli" yatağının dayaz hissəsində aşağı təzyiqli səmt qazının yığılmasını həyata keçirmək niyyətindədir. Bu qaz sıxılmadan (təzyiqin artırılması) sonra Azərbaycanın qaz emalı zavoduna və ya milli qaz nəqli sisteminə göndəriləcək, oradan da abunəçilərə çatdırılacaq.
Əvvəllər infrastrukturun yoxluğu səbəbindən bu qaz atmosferə buraxılırdı ki, bu da ətraf mühitə xeyli ziyan vururdu. Lazımi infrastrukturun yaradılması və bu layihənin həyata keçirilməsinin dəyəri 150 milyon dollar həcmində qiymətləndirilir.
Tullantıların həcmi ildə 200 milyon kubmetr təşkil edir. Bu layihənin həyata keçirilməsi üçün "Günəşli-4" platformasında qaz sıxan kompressorlar quraşdırılacaq, nəql üçün lazımi boru kəmərləri salınacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]