...

"Nabukko" layihəsi öz "ulduz saatı"nı gözləyir

Energetika Materials 2 May 2009 11:32 (UTC +04:00)
"Nabukko" layihəsi öz "ulduz saatı"nı gözləyir

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir А.Bədəlova /

Bir həftə sonra Praqada Aİ-də sədrlik edən Çexiyanın təşəbbüsü ilə "Nabukko" və "Cənub dəhlizi" qaz kəmərlərinə həsr olunmuş qeyri-formal sammit keçiriləcək. Bu görüşdə iştirak etmək üçün Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Türkiyənin dövlət və hökumət başçılarına dəvətlər göndərilib. Müşahidəçilər qismində Rusiya, İraq, Misir və Özbəkistan nümayəndələri dəvət olunub.

Sammitin yekunlarına görə "Cənub dəhlizi" və "Nabukko" layihələri üzrə çoxtərəfli hökumətlərarası müqavilənin imzalanmasına çıxış əldə etmək planlaşdırılır.

"Nabukko" layihəsi ilə bağlı, Macarıstan xüsusi nümayəndəsi Mixay Bayerin bir müddət əvvəl bildirdiyi kimi, Praqada hökumətlərarası müqavilə mətninin son variantı hazırlanacaq. Ancaq görüş təşkilatçılarına yaxın mənbənin sözlərinə görə, sammitin gedişində hər hansı sənədin imzalanması planlaşdırılmır.

Aİ və ABŞ tərəfindən dəstəklənən "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. Bu kəmər üzrə tədarüklər 2014-cü ildə başlanılacaq. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

"Nabukko" layihəsi çərçivəsində Avropa ölkələrinə qaz tədarükü üzrə Türkiyə və Aİ arasında hökumətlərarası müqavilənin imzalanması bu ilin iyununa planlaşdırılıb. "Nabukko" və beynəlxalq layihələrin OMV şirkətindəki nümayəndəsi Kristian Dolezal deyib ki, layihənin realizəsinin bu mərhələsində Türkiyə ilə müqavilənin imzalanması ən əsas məsələdir. Onun imzalanması və "open season" mərhələsinin başlanmasından sonra, boru kəməri ilə tədarük edilən qaz həcmləri barədə məsələlərin tədarükçü-ölkələrlə müzakirə edilməsinə start verilməsi planlaşdırılır.

"Nabukko" layihəsində Türkiyə vacib rol oynayır. İndiyə qədər Avropaya potensial qaz tədarükçüləri ilə danışıqlar Ankaranın mövqeyi səbəbindən gecikirdi. Türkiyə tranzit ölkə rolunu oynamaqdan başqa, öz ərazisindən keçən qazın müstəqil satıcısı kimi də çıxış etmək istəyir. Türkiyə ilə razılaşma məsələsində əldə olunacaq nailiyyət layihənin realizəsinə müsbət təsir edə bilər.

Ancaq həm Avropa nümayəndələri, həm də layihə iştirakçılarının tamamilə nikbinliyə baxmayaraq, "Nabukko"nun gələcəyi haqqında danışmaq hələ tezdir. Hökumətlərarası müqavilənin imzalanmasını irəliyə doğru addım kimi qiymətləndirmək olar, ancaq bu, xeyli siyasiləşdirilmiş layihə ətrafındakı "qeyri-müəyyənlik dənizində sadəcə bir damla olacaq".

Son zamanlar "Nabukko" layihəsinin perspektivlərinə həsr olunmuş bir sıra görüşlər onun realizə olunmasına möhkəm istək və niyyətin olmasını göstərir. Praqadakı sammitə "bəyanatlardan realizəyə keçid mərhələsi" kimi baxılır. Sammitin nəticələri konkret hərəkətlərə bir növ təkan rolunu oynaya bilər. Ancaq layihənin uğuru bu müqavilədən başqa hələ çox iş görməli olan iştirakçı ölkələrin gələcək səylərindən asılı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti