...

SOCAR Gürcüstan bazarında qaz realizəsinə olan proqnozları açıqlayıb

Energetika Materials 22 İyun 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir E.İsmayılov /

"2009-cu ildə Gürcüstan bazarında əhaliyə planlaşdırılan 1,05 milyard kubmetr yox, 800-850 milyon kubmetr qaz satılacaq", - bazar ertəsi SOCAR Energy Georgia-nın (SOCAR-ın törəmə şirkəti) direktoru Mahir Məmmədov deyib.

Gürcüstandakı bu yanacağın mənbələri SOCAR-ın öz qazı, "Şahdəniz" yatağından alınan yanacağın Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə nəqli çərçivəsində Gürcüstanın payına düşən qaz, həmçinin rus qazının Ermənistana tranziti çərçivəsində alınan qazlardır. Bütün bu proseslərə SOCAR Energy Georgia operatorluq edir.

Kommersiya qazının realizəsinin də azalması gözlənilir. Bu il Gürcüstan bazarında planlaşdırılan 450 milyon kubmetr əvəzinə 300-350 milyon kubmetr qaz realizə ediləcək. Bu həcmdən təxminən 150 milyon kubmetri Azərbaycan, qalanı isə Rusiyadan alınan qazın payına düşəcək.

Bazardakı qaz realizəsi tempinin azalması ölkədə iqtisadi-maliyyə böhranının təsiri, həmçinin Gürcüstandakı qeyri-sabit hava şəraiti ilə bağlıdır.

Yanvar-may aylarında Gürcüstan bazarında "Şahdəniz" yatağından alınan Azərbaycan qazının nəqli çərçivəsində 166,8 milyon kubmetrdən çox qaz satılıb. Bu beş ay ərzində Gürcüstanda SOCAR-ın 132,7 milyon kubmetr öz qazı satılıb. Yanvar-may aylarında Gürcüstan bazarına 51 milyon kubmetr rus tranzit qazı daxil olub.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Azərbaycan da qaz alıcısı qismində çıxış edir. Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub.

SOCAR Energy Georgia Gürcüstanda neft və neft məhsulları bazarında distribüsiya və marketinqlə məşğul olur. Şirkət bu bazarda əsasən neft məhsulları və qaz satışı ilə məşğul olur. SOCAR Georgia-nın həmtəsisçiləri: SOCAR - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvilidir - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti