...

Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli zamanı planlı fasilələrin qrafiki

Energetika Materials 1 İyul 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir E.İsmayılov /

"Planlı texniki işlərin aparılması səbəbindən iyulda Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli üç dəfə, ümumilikdə 24 saat müddətinə dayandırılacaq", - çərşənbə günü neft-qaz bazarındakı mənbə deyib.

"Bu ay ərzində üç dəfə fasilə olacaq. İyulda Bakı-Novorossiysk boru kəməri ilə nəql ümumilikdə 24 saat müddətinə dayandırılacaq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, qrafikə əsasən, nəql iyulun 13, 17 və 24-də, hər gün səkkiz saat olmaqla dayandırılacaq.

"Bu ay ərzində sutkalıq 8 min ton olmaqla, 248 min ton həcmində Azərbaycan neftinin nəqli planlaşdırılır. Plana əsasən, kəmər üzrə neft nəqli 1-27 iyul aralığında həyata keçiriləcək", - mənbə bildirib.

Proqnoza əsasən, avqustda neft kəməri ilə 240 min ton Azərbaycan nefti, sentyabrda - 140 min ton, oktyabrda - 248 min ton, noyabrda - 240 min ton, dekabrda - 140 min ton Azərbaycan neftinin nəql edilməsi planlaşdırılır.

ARDNŞ Novorossiysk limanı vasitəsilə öz neftinin yüklənib-boşaldılmasını həyata keçirir. ARDNŞ Bakı-Novorossiysk kəməri ilə bu il bir milyon tondan çox neft nəql edib. Ötən ilin analoji dövründə bu rəqəm 568 min ton olub. Bu ilin mayında 224 min tondan çox Azərbaycan nefti nəql edib.

2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 2008-ci ildəki 1,3 milyon tondan 2,5 milyon tona qədər çatdırmağı planlaşdırır.

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı ARDNŞ çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir ki, buna da səbəb başqa istehsalçıların nefti ilə qarışmadır.

Bakı-Novorossiysk boru kəmərinin operatoru qismində 2007-ci ilə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) çıxış edirdi. Sonradan qurum bu səlahiyyətləri ARDNŞ-a verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti