...

Azərbaycanda kiçik su elektrik stansiyalarının inşası vacibdir - Prezident İlham Əliyev

Energetika Materials 23 İyul 2009 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend /

Azərbaycan alternativ enerji mənbələrinin yaradılması üzərində işləməlidir, ilk növbədə ölkədə kiçik su elektrik stansiyalarının inşası vacibdir, deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib.

Tikinti üç-dörd ilə başa gələ bilər. Tovuzçay su elektrik stansiyasının gücü isə 400 meqavatt təşkil edə bilər.

İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Tovuzçay su elektrik stansiyasının tikintisi çərçivəsində müəyyən işlər həyata keçirilir. "Hesab edirəm ki, yaxın aylarda bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır və lazım olarsa növbəti ilin büdcəsindən Tovuzçay su anbarı və elektrik stansiyasının tikintisi üçün müəyyən məbləğin ayrılmasını da nəzərdən keçirməliyik", - deyə dövlət başçısı bildirib.  

Dövlət başçısının qeyd etdiyi kimi, külək və günəş enerjisindən də səmərəli şəkildə istifadə olunmalıdır. "Bizim yetərincə külək və günəş ehtiyatımız var. Bu kimi təbii imkanlardan səmərəli şəkildə istifadə etməliyik", - Azərbaycan Prezidenti əlavə edib.  

Bu sahəyə eyni zamanda həm yerli, həm də xarici şirkətlər cəlb oluna bilər. Dövlət başçısının fikrincə, Azərbaycan növbəti ildə dövlət büdcəsi hesabına pilot layihələr qismində külək və günəş enerjisi istehsalı üzrə praktiki işlər həyata keçirməlidir.

İlham Əliyevin də bildirdiyi kimi, indiyə kimi alternativ enerji mənbələri məsələsi ilə ciddi şəkildə məşğul olunmayıb, çünki prioritet məsələ ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi idi. Son illər ərzində Azərbaycanda inşa edilən elektrik stansiyaları bu məsələni həll edib. Hazırda ölkə təkcə xaricdən elektrik enerjisinin idxalından asılı deyil, eyni zamanda elektrik enerjisini Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac edir. Türkiyəyə Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə 20 meqavatt elektrik enerjisi ixrac olunur.  

"Hazırda Azərbaycanın elektrik enerji resursları ölkənin tələbatından min meqavatt çoxdur, yaxın zamanlarda yeni elektrik stansiyasının istismara verilməsindən sonra bu rəqəm daha da artacaq", - deyə Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti